07.06.2012

Yezidilik bəşəriyyətin din və mədəniyyət hadisəsi kimi

 Hafiz Mirzə

Ağıllı şəxslər insanları millətinə və ya dininə görə  deyil, onun intellektinə və şəxsi keyfiyyətlərinə görə dəyərləndirir. Amma fərdlərin insani keyfiyyətlərinin  formalaşmasında onun milli-mənəvi dəyərləri və etiqad bəslədiyi dini də çox mühüm  rol oynayır. Biz ümumilikdə millətlərin dini  dəyrləri barədə yaxşı   məlumatlı olarıqsa, həm birgəyaşayış  oriontirimizi müəyyənləşdirməkdə, həm də  daha uğurlu ünsiyyət  qurmaqda hazırlıqlı ola bilərik. Bu mənada millətləri və onların dini dəyərlərini öyrənməyə dəyər.

Ölkəmizdə əsasən müsəlmanlar və daha çox azər türkləri yaşasa da, digər din və konfesiyaların, xalq və millətlərin nümayəndələri də az deyil; katoliklər, pravoslavlar, yəhudilər, bəhailər, krişnaçılar, yezidilər, eləcə də  talışlar, ləzgilər, ingiloylar, hapıklar, qrızlar, kürdlər,.. Barəsində ən az danışdığımız, yazdığımız da elə yezidilərdir, kürdlərdir. Səbəbi aydın deyil. Hətta o qədər az ki, bir çoxları “yezidi” ifadəsini eşitdikdə İmam Hüseynin (ə) qətlinə fərman vermiş Yezid ibn Müaviyyənin tərəfdarları olduğunu düşünür və kortəbii nifrətlə qaşları düyünlənir. Amma yezidilik tamam başqa bir anlayışdır və Yezid ibn Müaviyyə ilə əsla əlaqəsi yoxdur. Yalnız bir millətə - İsrail xalqına mənsub olan  yəhudilik kimi yezidilik də əsasən kürd millətinə mənsub bir dindir. Amma   bu nə qədər qabardılsa da, sayının dünyada 20 milyondan çox olduğu  bildirilən kürdlərin cəmi bir milyona yaxın nümayəndəsi  yezidilik dininə mənsubdur. Yezidilər daha çox İraqda 300.000 yaşayırlar. Əlbəttə, bu heç də orada yaşayan milyonlarca kürdün tam miqdarı deyil. Söhbət yezidi kürdlərdən gedir. Rusiyada 100.000, Gürcüstanda 60.000, Almaniyada 50.000, Ermənistanda 40.000, Türkiyədə 37.000, Suriyada 10.000, İranda sayı 2000 nəfərdir. Müəyyən miqdarda Azərbaycan, Livan, İsveçrə, Belçika, Estonya və Ukraynada da yezidi kürdlər yasayır. Sayının az olması onun qapalılığına, gizliliyinə dəlalət edir. Anadan yezidi doğulmayan şəxsi bu dinə qəbul etmirlər. Onun azlığı buradan qaynaqlansa da, bu azlıq onu gücsüzləşdirmir, əksinə, qapalılıq və azlıq onu qüdrətləndirir. Azlıq onların birlik və havadarlıq hissini artırır, hər yerdə bir-birlərinə gizlicə və xəlvətcə qahmar çıxa bilirlər.
Onun barəsində ən səhih məlumatı Hüseynqulu Məmmədlinin “Dünya dinləri” kitabından əldə etmək olar. Yezidilik əslində daha çox yəhudilikdən,  qismən şamanizmdən,  manilikdən, xristianlıqdan və islamdan alınma forma, mahiyyət və məna yükünü  özündə birləşdirən, qapalı olan və  çox mürəkkəbləşdirilmiş orta Şərq mənşəli bir dindir. Zərdüştilik məzhəblərinə daha çox oxşayır. Qapalılıq ucbatından  kifayət qədər geniş tədqiq olunmamışdır. Əsasən kürdlərin  adına yazılsa da, milliyyətcə ərəb və asur mənşəli insanlar arasında da yayılmışdır. Xaricilərin İbadiyyə qolundan ayrıldığı və Yezid bin Əbi Uneysəyə əsaslandığı bildirilir. Yəzidi adının qədim İran inanclarındakı Yaxşılıq Tanrısı İzd və ya Yedadan gəldiyi güman olunur.  Yəzidliyin yaradılması isə  Əməvi soyundan olan məşhur alim Şeyx Adiy Min Musafiriyə aiddir. Yezidi kürdlər Şeyx Adiyi bir peyğəmbər olaraq qəbul edirlər.
H.Məmmədli yəzdiliyi və ya yezidiliyi bütpərəstliyə, zərdüştlüyə (yaxşılıq və pisliyin mübarizəsi), maniliyə (mədəniyyət), yəhudiliyə (hökmlər, haram yeməklər), xristianlığa (baptizm, nigahda çörək və şərab ayini, evlənmələrdə kilsələri ziyarət, şərab içmək), İslamda (sünnə, oruc, qurban, həcc, məzar daşlarında İslami kitabələr), sufi-rafiziliyə (inancın gizliliyi, vəcd, şeyxə hörmət), sabisiliyə (tenasuh və ruh köçü), şamanizmə (basdırma adəti, yuxu təbiri və rəqs), paganizmə (ay və günəşə tapınma) aid bəzi ünsürləri ehtiva edən və mənşəyi kifayət qədər açıq olmayan bir inanc sistemi kimi, qapalı bir din olaraq  təqdim edir. Bu dinin banisi  sayılan Şeyx Adiy kifayət qədər yüksək erudissiyalı bir şəxs olmuş və mövcud dinlərin ən maraqlı və sirli məqamlarını  uğurla sintez edə bilmişdir. O, 1072-ci ildə Livanda, Baalbekdə doğulmuş, 1116-cı ildə həcc ziyarətində olmuş, 1162-ci ilə qədər Laleş Vadisindəki  köhnə  Xristian monastırında müridlər yetişdirmişdir. Vəfat etdikdən sonra o, öldüyü  monastrda basdırılmış və az keçmədən türbəsi yəzdilərin həcc ziyarətinə çevrilmişdir. Monqolların bölgəni işğalından sonra Yezidilik XIII - XIV əsrlərdə Mosul, Hakkari, Botan çayı bölgələrində, Cizrə, Nusaybin, Mardin, Van və Urmiyədəki tayfalar arasında geniş yayılmışdır.
 
Yezidiliyi  güclü və uğurlu edən Tanrı iradəsinin ikinci şəxsiyyəti  "Mələk Tovuz"dur. Mələk Tovuz, Tanrı ilə birdir, Tanrıya bağlıdır.
Onların inancına görə Tanrı ilə insan arasında vasitəçi olaraq xidmət göstərən yarı ilahlar da var. Yezidilər üçün Mələk Tovuz  yaxşılıq tanrısıdır. Yezidilər nə cəhənnəmə, nə də cəhənnəm əzabına inanmırlar. Ölümdən sonra ruh başqa varlıqlara keçərək yaşamaqda davam edir. Günəş, ay və ulduzlar işıq saçdıqlarına görə müqəddəsdir. Mələk Tovuz da bir işıq qaynağıdır. Yezidilər özlərini Adəm ilə Həvva soyundan deyil, Cabbar bin Səhid adlı başqa bir uca varlıqdan törəmiş sayırlar. Yezidilər hər zamanda yeni bir peyğəmbər göndəriləcəyinə, hər yerdə Mələk Tavuzun bütün yezidiləri qoruyacağına əmindirlər. Məşaf-i Rəsdə: "Tanrımız şeytanın adını və ya onu xatırladan sözləri zikr etmək səhvdir" deyə buyurduğundan, Tanrı-mələk mərtəbəsinə qaldırdıqları "Şeytan"ın adını çəkmədən, onu "Adı gözəl mələk" deyərək zikr edirlər. Yezidilər üçün atəş bir nur, işıq saçan qaynaq olduğu üçün müqəddəs hesab edilir və ona əsla tüpürülməz. Burada atəşpərəstlik elementləri şəksizdir. Onlar bəzi rəngləri müqəddəs sayırlar. Ağ, qəhvəyi, qırmızı, yaşıl və qara müqəddəs sayılmaqla, mavi rəngə nifrət edirlər. Ağ geyim təmizliyi ifadə etdiyindən qadınlar mütləq ağ alt paltar geyməlidirlər, kişilər öldükdə uca mövqeyə təmiz çıxsınlar deyə ağ geyimlə basdırılır. Yezidilik inancına görə Tanrı dünyanın qoruyucusu yox, yaradıcısıdır.  Əslində yezidilər daha çox şeytana ehtiram göstərirlər. Onun tovuz quşu şəklində-"mələk tovuz" olaraq təcallasına sitayiş edirlər. Yəzd və Yəzdan adlı allahları ilə şeytanı-"mələk tovuzu" bərabər tuturlar. İbadətləri tovuz quşunadır.  Allah (Yəzd) özündə bütün yaxşılıqları cəmləşdirdiyindən ona ibadət etməyə ehtiyac bilmirlər.  Zənn edirlər ki, bütün pisliklər, bəd niyyətlər tovuz quşunda cəmləşib və ibadəti də ona edib mərhəmət diləmək lazımdır. Tovuz quşu tanrının kölgəsi hesab olunur.  Yəzidilər Günəşə onun doğan vaxtında ibadət  edirlər. Günəşə oxşayır deyə kələm yemirlər. Yezidləri "şeytan pərəstişkarları" da adlandırırlar. Mələk Tovuz İslamda şeytana bərabər tutulan bir mələkdir. Müasir dövrdə bir çox yezidilər öz həyətində, bağında ya canlı tovuz quşu saxlamaqda, ya da onun heykəlini qoymaqda həvəsli olurlar. Yezidilərin şərhinə görə, əvvəlki ilahi dinlərdə qövulmuş mələyin (şeytanın)  Allahın buyruğuna  əməl etməyərək, insan qarşısında əyilməməsi, ona ehtiram  göstərməməsi, əslində bu mələyin zadəgan olduğunu ifadə edir. Allah şeytanı bununla sınayırmış. Bu imtahanı müvəffəqiyyətlə verən şeytan bütün insanlığın və dünya işlərinin  idarəçiliyi haqqını qazanır.
 
Yəzdiliyin daha çox kürdlərə məxsus bir din olduğunu oxuduq. Amma o, irsən keçən din hesab olunur. Kürdlər kurmanci və yezidi olmaqla qədim irandilli tayfalardandırlar. Dili  İran dil qruplarından birinci minilliyin sonlarında ayrıldığı və yetkinləşdiyi güman edilir. İudaizm, xristianlıq və islam kimi böyük dinlərin sıx əhatəsində yaşadıqlarından güclü təzyiq və təqiblərə məruz qalmışlar. Buna görə də "Tövrat"ı və "Quran"ı müqəddəs kitab kimi qəbul edirlər. Eləcə də, onlar İsa peyğəmbəri də Allah kimi tanımağa məcbur olmuşlar.  Lakin onların inancları İslam dəyərlərinin çox güclü olduğu ərazilərdə çox da qüvvətli dayaq tapa bilməmişdir. Orta əsrlərdən başlayaraq onları indiki İraq, Türkiyə, Suriya, Xorasan, Gürcüstan, Ermənistan və Azərbaycan ərazilərinə köçürmüşlər. Türkiyədə, İraqda, İranda yaşayan kürdlərin bir hissəsi, hazırkı Ermənistanda yaşayanların isə hamısı yəzdi kürdlər, qalanların böyük əksəriyyəti şiə-ələvi  müsəlman, az bir qismi isə xristianlığa etiqad edənlərdir. Dini əqidələrini gizli saxladıqlarından yezidi kürdlərin sayını dəqiq bilən yoxdur. Kürdlərin əksər hissəsi ələvi kürdlərdir. Ən böyük dil ləhcələri qurani, kirmanci və zazi ləhcələridir.  Onları türklərdən ayırmaq çətin olsa da, zahirən  fərqlilik də yox deyil. Qalın qaşlar, sərt baxışlar, yekə bığ,  geniş və sərbəst geyimləri onları zahirən tanımağa imkan verir. İnanc və əqidələri isə  əslində yezidi olan şəxsin yəhudi, müsəlman və ya xristian olduğunu güman etməyə əsas verə bilər.
Başlanğıcda Tanrı Azda (Yəzda) öz atəşindən Mələk Tovuzu yaratdı, ona kainatı və insanı yaratmaq vəzifəsini tapşırdı. Bu işdə Tovuza köməkçi olmaq üçün daha altı mələk ayrıldı. Mələk Tovuz Azdanın verdiyi əmri yerinə yetirərək  Azdadan götürdüyü  toz ilə Kişi və Qadını (Adəm və Həvvanı), sonra kainatı yaratdı. Əlavə olaraq özü üçün dörd cin də hazırladı. O, yaratdığı bu iki insanı təqdim etmək üçün Tanrı Azdanın yanına getdi.
Azda Mələk Tovuza "Bundan sonra bu iki insana tabe olacaqsan" dedi. Mələk Tovuz: "Bu iki insanı yaradan, yoxdan var edən mənəm, nə üçün onlara tabe olum, mən yalnız məni yaradan sənə tabe olan, sənə ibadət edənəm" deyə özünün yaratdığına tabe olmaqdan imtina etdi. İlk iki insandan cəmi 80 uşaq dünyaya gəldi. Daha sonra, bu ilk iki insan, analşılmazlığa düşərək səhvə yol verdi və  imtahandan keçmək məcburiyyətində qaldı: hər ikisi  bir qaba ruhlarını, düşüncələrini doldurub ağzını bağladılar. 40 gün sonra kişinin  küpündən Şahid min Car adında gözəl bir gənc, qadınınkından isə sürünənlər, əqrəblər, ilanlar çıxdı. Adəm Şahid min Carı o qədər sevdi ki, digər 80 uşaqları ilə  çox az maraqlandı.  Bu da qadın və 80 uşağın arasında qısqanclıq və nifrətə səbəb oldu. Bu səəbəbdən onlar Şahid min Carı  öldürmək qərarına gəldilər. Qadın bir parol təyin etdi və sui-qəsdin ediləcəyini bu parolla çatdıracağını bildirdi.  Bundan duyuq düşən Mələk Tovuz yaratdığı dörd cinə əmr verdi və cinlər gecə ikən  80 uşağın ağızlarına üflədilər. Oyandıqdan sonra  səksəni də fərqli dil danışmağa başladı. Bu səbəblə analarının söylədiyi parolu anlaya və Şahid min Cara qarşı sui-qəsdi reallaşdıra bilmədilər. Daha sonra Şahid min Cara dişi bir mələk göndərildi və bu izdivacdan yezidilərin babaları dünyaya gəldi. Yezidilərin rəvayətlərinə görə digər 80 uşaqdan dünyaya gələnlər isə  başqa (yezid olmayan) insanları meydana gətirdilər.
Yezidlərə görə insanın yaşayışına və inanışına əsaslanmaqla cənnətin də, cəhənnəmin də bu dünyada olduğuna inanırlar. Amma məhz insanın inanışına və yaşayışına görə dünya cənnətə də cəhənnəmə də çevrilə bilər. Mələk Tovuzdan mərhəmət də bu dünya üçün gərəklidir. Allaha ibadətə, ondan qorxmağa, çəkinməyə heç bir ehtiyac yoxdur. O, həmişə mərhəmətlidir və insanlara yaxşılıq, yaxud pislik etmək qüdrətində deyil. Yezidlər özlərini "Adiy Xalqı" adlandırırlar. Ərəb əlifbası ilə, kürdcə yazılmış iki cildlik "Müqəddəs kitab"ları  var.   Yezid olaraq hamının icra etməli olduğu aşağıdakı bu prinsip və etiqadlara əməl olunması məcburidir.
* Dünya sonsuzdur, dünyanı yaradan Tanrı onu heç vaxt qiyamətə aparmaz;
* İnsanlar təbiətin qorunmasını və təbiətə qayğını mənimsəməlidirlər;
* Gündə üç dəfə günəşə, xüsusən gün çıxarkən ibadət edilməlidir;
* Çərşənbə günü ibadət günü olaraq qəbul edilir, çünki bu gündə Mələk Tovuz yaradılmışdır.Bu gün həm də ilk insanın yaradıldığı gündür;
* Sonradan Yezdi olmağa icazə verilmir;
* Şeytanın adını tələffüz etmək haramdır;
* Şeytanın adını xatırladan Kitan, Şar, Şat, Məlun, Nal və Lusifer kəlmələrini tələffüz etmək haramdır.
Yezidilərə görə tanrının  çox adları var ki,  onların ən gözəli və ən çox istifadə ediləni "Xuda"dır.Yezidilərin yerinə yetirmələri əsas olan dini öhdəlikləri  namaz , oruc, zəkat və həccdir.  Namazı onlar səhər və axsam qılırlar. Namazdan əvvəl əllər və üz yuyulur. Səhər namazı üçün günəşin sarılığı diqqətə çarpdıqda ona qarşı  üç dəfə əyilərək dua oxunur. Axşam namazında da yenə çöldə günəşə qarşı dayanaraq dua oxuyurlar. Yezidilər ibadətlərini kimsənin görməsini istəmirlər. öz dinlərini təbliğ etməyə və yaymağa da çalışmırlar. Bir yezidi ibadət edərkən başqa dindən olan birisi onu görsə, dua etməz, yalnız günəş işığına baxıb əlini ağızına apararaq öpər. Namaz (İbadət) kütləvi halda ildə bir dəfə Laleşdə Şeyx Adiyin türbəsinə edilən həcc zamanı  reallaşdırılır.
Yezidilər iki cür oruc tuturlar:  ümumi və xüsusi.
Ümumi Oruc sentyabr ayının 3-ü ilə 5-inci günləri arasında tutulur. Bu oruca "yezit" orucu da deyilir. Ayrıca Xıdır İlyas üçün üç gün oruc tutmaq da yezidi ənənələrindəndir.  Onların inancına görə Allah (Yazda,..Azda) üç gün oruc tutulmasını əmr etmişdir. Orucun üç gün tutulması otuz gün tutulması deməkdir. Səhər günəşin çıxması ilə başlayan və axsam gün batdıqdan sonra sona çatan orucda yemək-içmək qadağandır.Yezidilikdə xüsusi oruc yalnız dindarlara xas olan orucdur. Bu, dekabr, iyul aylarında və 15-20 sentyabr tarixləri arasında Şeyx Adiyin türbəsinə edilən ziyarətdə 40 gün olmaqla cəmi 80 gün tutulur.
Yezidilər iftar süfrəsində şərab içirlər.
Yezidilərdə zəkat müridlərin gəlirinin 10% -ni şeyxlərə, 5%  ibadətgaha və 2.5% -ni kasıba verməkdən ibarətdir.
Hər Yezidinin bir axirət qardaşı və bir axirət bacısının olması məcburudur. Axirət qardaş və bacılarının hər dəfə əli öpülür və onlara ölüm halında  belə kömək etməyə borcludirlar.
Yezidilərdə şahidlik, tanrının sonsuz qüdrət sahibi, Şeyx Adiy min Musafirin tanrının mələyi və Yezidilərin mürşidi, Sultan Yezidin tanrının mələyi, yerin nuru və insanlığın sevinci, Mələk Tovuzun da Tanrının mələyi və elçisi olduğuna inanmaqdan götürülmüşdür. Bunu axsam yatarkən, səhər qalxarkən də təkrarlayarlar. Bütün dualar Günəş doğarkən və batarkən ona doğru yönələrək oxunur. Bu duaların səbəbi Yezidilər tərəfindən Tanrının (Mələk Tavus), "Ay və qaranlığın", "Günəş və işığın" rəmzi olaraq qəbul edilir. Dörd cür yezid duası mövcuddur: 1.Səhər duası; 2. Evgər duası (səhərlər oxunur); 3. Günəş duası; 4. Axsam duası. Bu dualar Mələk Tovuza ünvanlansa da  yeddi mələyə xitab edilir .
Yezidlərin həcc ziyarəti müsəlmanlardan kəskin fərqlənir. Onların həcci 15-20 sentyabr tarixləri arasında, Iraqda, Şeyx Adiyin məbədinə edilən ziyarətdən ibarətdir. İslamda həccin 18  vacib əməli varsa da, yezidilikdə həm məkan, həm də ayinlər çox fərqlidir. Eyni ilə müsəlmanlarda olduğu kimi yezidilər üçün edilməsi vacib olan dini və milli bir vəzifə həcc ziyarətidir. Şeyx Adiyin nəşinin qoyulduğu sandığı üç dəfə təvaf edib, qaidəyə üz sürtən hər yezid "hacı" olmuş sayılır. Şeyx Adiyin Laleş Vadisindəki dağın ətəyində olan bu məbədinə Sırat Körpüsü deyilən bir körpüdən keçərək gedən yezidilər,  məbəddə olan və “zəmzəm” adını verdikləri su ilə uşaqlarını baptiz edirlər. Bu həcc mərasimi; çaylarda yuyunma, bayraqdarın yuyunub baptiz edilməsi, rahiblərin rəqsləri, müqəddəs qəbul edilən məzarlara şam yandırılması, qurban kəsilən öküzün ətinin paylanması, xüsusi  yeməklərin yeyilməsi və sairlə qeyd olunur. Ayrıca bir həcc isə  şəxs adları verilən tut ağaclarını ziyarət etməkdən ibarətdir.  Müqəddəs vadinin heç bir yerində ayaqqabıyla gəzilməz, qadınla cinsi əlaqə yaradılmaz və içki içilməz.
Hüseynqulu Məmmədlinin araşdırmalarına görə yezidilərin mənşəyi və tarixi ilə əlaqədar konkret və dəqiq bir məlumat və sənəd mövcud deyil. Yezidilik inancının yaradıcısı Şeyx Adiy özü "Adavilər" təriqətinə mənsub olmuşdur. İraqın Mosul vilayətinin şimal-qərbində  Şeyx Adiyə sitayişxanə və onun yanında qazılmış dərin quyu müqəddəs ziyarətgahları hesab olunur. Hər bir yezid üçün  həyatında ən azı bir dəfə olmaqla bu ziyarətgaha və müqəddəs quyunun (zəmzəm quyusu) pərəstişinə gəlməsi vacib hesab olunur.
Yezidilikdə bir maraqlı ayin də xristianlıqdan gəlmə olan baptizmdir. Yezidi uşaqları doğulduqdan 40 gün sonra bəzi yerlərdə doğumun ilk həftəsində Pirlər tərəfindən Şeyx Adiyin məbədindəki zəmzəm suyuna üç dəfə salınaraq baptiz edilir. Laleşdən kənarda yasayan yezidilər üçün  buradan gətirilən baptizm suyundan  istifadə olunur.
Yezidiliyə yəhudilikdən gəlmə olan və müsəlmanların da qəbul etdikləri sünnət ayini çox mühüm hesab olunur.  Uşaq baptiz edildikdən bir həftə sonra baptizmi edən Şeyx və ya Pir tərəfindən sünnət edilir. Bu adətə, Şimali Iraqda "karif" deyilməklə, yezidi uşağı qonşu və ya dost bir müsəlmanın kirvəliyi ilə o sünnət  olunur. Kirvəliyin yezidilərdə çox əhəmiyyətli yeri var. Başqa dindən olanların kirvə seçilməsi ilə o dinin mənsublarıyla dostluq körpüsü yaradılmalı, düşmənçilik edilməməli, heç vaxt ədavət  aparılmamalıdır.
Yezidilikdə ölüm və cənazə ilə bağlı mərasimlərin də fərqli cəhətləri mövcuddur.  Ölünün qiymətli paltarlarını bir ağac parçasına geydirib, bəzədikdən sonra ətrafında fırlanırlar. Ölmüş şəxs  yezidi şeyxi tərəfindən yuyulur. Ölünün ağzına, qulaqlarına, gözlərinə və ürək nahiyəsinə Şeyx Adiyin türbəsinin torpağından gətirilmiş palçıq sürtülür, qolları çarpaz vəziyyətdə, bası şərq istiqamətində  torpağa basdırılır. İslamda və bir sıra digər dinlərdə olduğu kimi, ölümün 3, 7, 40 və il tamamında xatırlama mərasimləri təşkil edilir. Hüzür mərasimlərində yoxsullara yeməklər və sədəqə paylanır. Ölümündən sonra bir dindarın və ya bir igid cavanın  mərhumla bağlı olan yuxusunun şərhi əsasında bu ölənin ruhunun yenidən doğulması məsələsi şərh edilir.
Ölü basdırıldıqdan sonra məzar başında ölüyə xitab olaraq etdikləri təlqin duası İslama oxşasa da məzmunu fərqlidir. Təlqin duası: "Ey ölü adam! Gələcəkdir üzərinə Münkər və Nenkər mələkləri! Sənə soruşacaqlar: hansı dindənsən? Sən, de ki, mən Ezidiyəm (yezidiyəm). Şeyxim isə Şeyx Adiydir."
     Yezidilərin müqəddəs kitabına görə Şənbə günü istirahət günüdür. Yəhudilikdə də bu cürdür. Dörd dini bayramları var:
       1.Qucaqla-i Sal (Yeni il) bayramı. Bu bayram Aprel ayinin ilk çərşənbə günü qeyd olunur. Bu gün mələklərin gecə boyunca bərəkət payladıqlarına inanılır. Yezidilərin yaşadıqları hər bir kənddə qeyd olunan bu bayrama hazırlıq ailə məzarlarını ziyarət etməklə başlanır və qəbirlər üzərinə yoldan  keçənlərin yeməsi üçün, içində kişmiş, yumurta, quru əncir və müxtəlif kökələr olan nimçələr qoyulur. Eyni adət Novruz bayramında da həyata keçirilir.
      2.Yaz bayramı (Çesna Havini). İyulun 18 ilə 21-i arasında İraqın Lalis bölgəsində qeyd olunan bu bayrama “Şeyx Adiy” bayramı və ya "Qırx gün" bayramı deyilir. Bu bayram yaz orucunun tamamlandığı gündə baslanır.
      3.Camaat bayramı.  Şeyx Adiyin bir araya gətirdiyi insanların xatirəsinə 6-13 oktyabr tarixləri arasında qeyd olunan bu bayrama qatılmaq Yezidi inancına görə həcc sayılır və  qeyd  etdiyimiz kimi, hər Yezidi üçün bir vacib borcdur.
      4.Doğum bayramı. Ənənəvi  şəkildə 21 Martda qeyd olunan Novruz bayramı dini olmaqdan daha çox yezidilər üçün folklor xarakteri daşıyır və ən böyük bayram hesab olunur.
        Yezidilərdə ruhaniliyin quruluşu da çox maraqlı və fərqlidir. Onlar  müridlər və ruhanilər olmaqla iki zümrəyə ayrılırlar:
     1. Müridlər Yezidi cəmiyyətinin ən böyük qəsdini meydana gətirirlər. Hər Yezidi, hər gün əlini öpmək, yanında şərabla orucunu pozmaq, həcclə əlaqədar hər cür xidmətini yerinə yetirmək məcburiyyətində olduğu bir şeyx, ya da pirin müridləridir. Kəndlərdə cütçülük və heyvandarlıqla məşğul olan müridlərin vəzifəsi öz üstündəki təsnif edənə xidmət etmək və vergi verməkdir.
     2. Ruhanilərə fövqəladə hörmət göstərilir. Bəzi hallarda ruhanilik irsi olaraq qadınlara da keçə bilər. Ruhanilər aşağıdakı altı sinifə ayrılmışdır: a)Şeyxlər; b) Pirlər; c)Kasıblar və ya karabaşlar;  d)Kavvallar; e)Kuçəklər.
Yezidilikdə şeytana ibadət etsələr də, şeytanı insanın şəhvətli, acgöz, kinli təbiətinin, bir sözlə, bütün eqosunun simvolu kimi tanıyır və təqdir etmirlər.  Yezidilər insanın təbiət etibarı ilə  həm də heyvani olduğunu düşünürlər. Halbuki, Allah insana Öz ruhundan üfləmiş və onu ən gözəl şəkildə yaratmışdır.  Başqa dinlərin mənsublarına bir sıra digər məqamlar da ziddiyyətli kimi görünə bilər. Amma  yezidilər hər bir məqamı  geniş izah etmədən və isbata yetirməyə cəht göstərmədən  öz inamlarında qalırlar. Həyatda bir çox hisslər sözlə ifadə  oluna bilmir. Yezidilər heç bunu ifadə və israrla təsdiq etməyə çalışmırlar da. İnanclarına etibarlıq baxımdan bir çox dinlərin mənsubundan daha qətiyyətlidirlər. Onların dini qardaşlığı həyatda qalma və qüdrətlənmə  baxımından   öz  gücünə görə yalnız yəhudiliklə müqayisə oluna bilər. Əsas aparıcı dinlərin  ən üstün cəhətlərini özündə ehtifa etsə də,  yezidilik digər dinlərə  də örnək ola biləcək fərqli keyfiyyətlərə malikdir. Bu keyfiyyətlərdən ən başlıcası onların din qardaşlığına sədaqət və xidmətkar olmaları sayıla bilər.
Hansı dinə etiqad etmələrindən daha əsas insanların ilk növbədə məhz inanclı olmasıdır.  Sayından, ictimai və dini mövqeyindən asılı olmadan yezidilər bəşər düşüncəsinin fəlsəfi qatına öz töhvəsini verə bilmişdir.

Комментариев нет:

Отправить комментарий